İqtisadiyyatda şəffaflaşma davam etməlidir |TƏHLİL

// “Kartdan karta köçürməyə” son qoyulmalıdır

   İqtisadiyyatda şəffaflaşma davam etməlidir    |TƏHLİL
  18 May 2024    Oxunub:1267
İqtisadiyyatımızda şəffaflaşma prosesi genişləndikcə əmək müqavilələrinin, aktiv vergi ödəyicilərinin sayı getdikcə artır. Bu isə avtomatik olaraq gəlirlərin uçota alınması və dövlət büdcəsinə ödənişlərin yüksəlməsi ilə nəticələnir. Məsələn, 2024-cü il aprelin 1-nə aktiv vergi ödəyicilərinin sayı ilin əvvəli ilə müqayisədə 0,8% artaraq 768,1 minə çatıb.
Ümumiyyətlə, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məlumatına görə, hesabat dövründə aktiv ƏDV ödəyicilərinin sayı 3,9% artaraq 47,5 min təşkil edib ki, aktiv təsərrüfat subyektləri, yəni obyektlərinin sayı 205,0 min olub. Vergi islahatlarına başlandığı 1 yanvar 2019-cu ildən bəri aktiv vergi ödəyicilərinin sayında 1,7 dəfə artım baş verib.

Bundan əlavə, yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) tətbiqi istiqamətində aparılan işlər də bəhrəsini verir. Belə ki, yeni nəsil NKA-lardan istifadə hesablaşmaları daha şəffaf aparmağa, malların qanunsuz dövriyyəsinin qarşısını almağa və nəzarəti təmin etməyə imkan yaratmaqla digər istiqamətdə də gəlirləri üzə çıxartmağa yol açır.

2024-cü ilin yanvar-mart ayları ərzində onlayn kassa aparatları vasitəsilə qeydə alınan dövriyyə 5,3 milyard manatdan artıq olub ki, bu da 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 9,2% çox deməkdir. Proses "Azərbaycan Respublikası Vergilər Nazirliyinin elektron informasiya sisteminə real vaxt rejimində qoşulmalı olan “Nəzarət-kassa aparatlarının tətbiqi Qrafiki”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 14 fevral tarixli 52 nömrəli qərarına əsasən həyata keçirilir. Bu il aprelin 1-dək ölkədə 97 min 192 yeni nəsil nəzarət-kassa aparatı quraşdırılıb ki, bu, pis statistika deyil.

Ümumiyyətlə, qeyd olunan NKA-lar nəzarət mexanizmi qurğusu ilə təchiz edilmiş yeni növ proqram-aparat kompleksi olmaqla, onun vasitəsi ilə alınan və emal edilən çek məlumatlarının, habelə e-kassada həyata keçirilən əməliyyatlar barədə məlumatların yığılması, emalı, saxlanılması və real vaxt rejimində Dövlət Vergi Xidməti üzrə informasiya sistemləri bazasına ötürülməsi işlərini təmin edir. Sözügedən aparatlar pərakəndə ticarət və (və ya) ictimai iaşə fəaliyyəti üzrə əhali ilə pul hesablaşmalarının aparılmasında istifadə olunur.

Amma hələ də pərakəndə satış şəbəkələrində və içtimai-iaşə obyektlərində dövriyyəyə nəzarətin bərpa edilməsindən yayınmaq istəyənlər var. Sözügedən nəzarət bir sıra subyektlər üzrə əvvəllər heç bir halda mövcud olmadığından “bərpa” sözünü işlətmək də düzgün deyil. Söhbət təmin etməkdən gedir əslində.

Nəzarət-kassa aparatı mövcud olduğu halda müxtəlif texniki səbəblər gətirilməklə ödənişi nağd və yaxud kartdan-karta köçürmə yolu ilə tələb edənlər mövcuddur. Məlumdur ki, ölkədə nağdsız ödənişlər xüsusən 2020-ci ildən, yəni pandemiya ilindən sonra genişlənib. Plastik kartlar vasitəsilə ödənişlər artıb və buna əhalidə böyük maraq və meyl yaranıb. Bu özü də dövriyyəyə nəzarətə və onun uçota alınmasına yardım edir və yol açır. Lakin alış-veriş zamanı və yaxud da tutaq ki, hər hansı bir restoranda göstərilən xidmətə görə ödənişin kartdan karta köçürülməsi həmin nəzarətə və uçota alınmaya imkan yaratmır. Odur ki, belə halları aradan qaldırılmaq lazımdır.

Bir daha xatırladıram ki, son 5 ilin ərzində ölkə əhalisinin sosial-iqtisadi istiqamətdə müdafiəsini təşkil etmək məqsədilə biri-birinin ardınca həyata keçirilən dörd mühüm və çoxşaxəli sosial paketin icrası məhz iqtisadiyyatda aparılan vergi və digər islahatların, başqa sözlə desəm, şəffaflaşma və "ağarmanın" hesabına mümkün olub. 2019-cu ildən etibarən kölgə iqtisadiyyatına qarşı start götürən inqilabi addımların sayəsində sosial sahədə indiyədək görünməmiş addımlar atmaq mümkün olub ki, minimum əməkhaqqı 2,7, pensiya 2,5 dəfə, 2018-2022-ci illərdə orta aylıq əməkhaqqı 52%, orta aylıq pensiya 80%, müavinət və təqaüd ödənişləri 3,5 dəfə, əməkhaqqı fondu 2,3 dəfə artıb. Həyata keçirilməyə başlanan şəffaflığın, yeni yanaşmanın və islahatların hesabına!

Ümumiyyətlə, vergi sahəsində iqtisadiyyatda tətbiq olunmağa başlanılan, mahiyyətcə güzəştli xarakter daşıyan müvafiq islahatlar nəticəsində dərəcələrdə və yığımda inzibatçılıq xeyli təkmilləşib. Yayınma azalıb, uçot bazasının və dövriyyənin sənədləşdirilməsi də daxil, vergitutma rejimi kimi məsələlər yenilənib, vergi güzəştlərinin optimallaşdırılması hesabına iqtisadi səmərə xeyli dərəcə yüksəlib. Bütün bunların sayəsində də dövlət büdcəmizə istər vergi, istərsə də, rüsumlar sarıdan ödənişlərin həcmi nəzərdə tutulduğundan milyonlarla manat artıq vəsait daxil olub və olmaqda da davam edir. Lakin, bütün bunlar fasiləsiz xarakter daşımalıdır.


Pərviz Heydərov
Xüsusi olaraq AzVision.az üçün


Teqlər: İqtisadiyyat   Şəffaflıq  





Xəbər lenti